MENU

“Təcrübə olmasa oxuduqların yarımçıq sayılır” Vəfa Alan

Sosial şəbəkələrdə paylaş

Vəfa Muxtar qızı Budaqova (ALAN) – 1981-ci il sentyabrın 1-də Bakıda ziyalı ailəsində anadan olub. 1998-ci ildə Bakı şəhəri 53 saylı orta məktəbin rus bölümünü bitirərək Azərbaycan Tibb Üniversitetinin Əczaçılıq fakültəsinin rus bölməsinə daxil olub. 2003-cü ildə Farmakoqnoziya kafedrasının ilk
müəllimlərindən olan dosent Nabat İslamovanın rəhbərliyi ilə “Azərbaycan florasından olan bəzi alkoloid tərkibli bitkilərin öyrənilməsi” adlı diplom işini müvəffəqiyyətlə müdafiə edərək bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Həmin il magistratura imtahanlarını uğurla keçərək, Farmakoqnoziya kafedrasında tələbə – magistrliyə layiq görülüb.

2005-ci ildə Nabat xanımın və professor Yusif Kazımovun rəhbərliyi ilə “Azərbaycanda yetişdirilən Bədrənc yarpaqlarının farmakoqnostik tətbiqi” adlı magistr dissertasiyasını uğurla müdafiə edərək Əczaçı-magistr diplomunu alıb. 2007-ci ildə Əczaçılıq Texnologiyası və İdarəçiliyi kafedrasının baş elmi rəhbəri olan və eyni anda kafedra müdiri və ölkəmizin ilk qadın əczaçılıq elmləri doktoru prof. Məhbubə Vəliyevanın təşəbbüsü ilə Əczaçılıq Texnologiyası bölümünə aspirant kimi qəbul olub. Elmi dissertasiyası olan “Bədrəncdən alınan sedativ fəallığa malik dərmanların texnologiyası” üzərində elmi işlər aparıb.
2009-cu ildə ailə həyatı quraraq Türkiyənin İstanbul şəhərinə yerləşib. Vəfa Alan 2010-cu ildə Türkiyənin Eskişəhər şəhərində Anadolu Üniversitetinin Əczaçılıq kafedrasında YÖK -ün keçirdiyi “Diplom tanıma” imtahanlarını uğurla keçərək bakalavr, 2012-ci ildə isə magistr diplomunu tanıdaraq uzman əczaçı adını qazanıb. 2013-cü ildə İstanbulda fəaliyyət göstərən “World Medicine İlaç San. Və Tic. A.Ş.” də Keyfiyyət və Təminat bölümündə təlimatlar və sənədlər üzrə məsul mütəxəssis olaraq işləyən Vəfa xanım 2015-ci ildən
İstanbulda yerləşən “Yeni Vefa” Aptekinin əczaçısı və məsul müdiridir. Dediyinə görə, hələ universitetdə oxuduğu illər ərzində həmişə buna inanıb ki, nə qədər oxusan da təcrübə olmasa oxuduqların yarımçıq sayılır.

“Bu həyat fəlsəfəmə sadiq qalaraq Azərbaycanın ən böyük apteki olan “AVİS aptek və Tibbi market” şəbəkəsində əczaçı-provizor kimi işə başladım. Düzünü desəm, burada çalışmaq o qədər də asan deyildi.
Demək olar ki, hər gün bütün aptekdə olan dərman və tibbi ləvazimatların içliyindən tutmuş, fəal birləşmələrindən, onların təsirlərindən, hazırlanmasından, saxlanılmasından, xəstələrə təqdim edilməsinə
qədər işləmləri öyrənirdik. Xarici ölkələrdən gələn müəllimlərin dərslər və təlimlərindən sonra bizdən imtahan götürülürdü. Universitetdə aldığım bilgilərlə burada aldığım bilgiləri üst-üstə qoyaraq sanki bir dağ yaradırdım. Demək olar ki, bura həyatımın dönüm nöqtəsiydi. Yeri gəlmişkən, mənə dərs deyən bütün
professor və müəllim heyətinə əziz ailəmə öz dərin minnətdarlığımı bildirirəm”, – deyə “Avicenna” jurnalının əməkdaşı ilə söhbət zamanı Vəfa xanım bildirib. “Doğrusunu desəm, ailəm, bacılarım kimi mənim də həkim olmağımı arzu edirdilər. Amma mən uşaqlıqdan bütün oyunlarımda dərman düzəldib oyuncaq xəstələrimə verib bundan böyük zövq alırdım. Boşuna deməyiblər ki, həyatda heç nə təsadüfi deyil. İllər sonra könlümdəki əczaçılıq məsləkinə sahib oldum. Amma Türkiyədə də öz üzərimdə işləməyə davam edirdim”. Türkiyə Respublikasındakı aptek sistemindən danışan həmsöhbətimiz qeyd edir ki,
Türkiyə və Azərbaycan əczacılığı arasındakı ən böyük fərq budur. Türkiyədə hər bir əczaçı
sadəcə bir aptek aça bilər. Apteki əczaçı diplomu olan şəxs açıb işlədə bilər. Yəni ortaq aptek açmaq qanunla qadağandır: “Türkiyədə əczaçı səhər saat 09.00-19.00 arasında aptekin başında durmak məcburiyyətindədir.
Bütün apteklər eyni saatda açılır və eyni saatda bağlanır. Saat 19.00-dan sonra növbətçi dediyimiz apteklər fəaliyyətə başlayır. Hər bölgədə aptek sayına görə 4-5 növbətçi qalır. İstanbulda bu aptekləri İstanbul Əczaçı Odası adlandırılan rəsmi qurum təyin edir. İş saatları xaric növbətçi olmayan apteklərdə
satış qəti qadağandır. Bu, ən böyük fərqlərdən biridir. Bundan başqa, aptekə gələn xəstələrin çoxu dövlət və ya özəl sığortalara bağlıdır. Yəni, həkimlərin yazdıqları reseptləri sığorta üzərindən alırlar. Aptekin
satış proqramları bu sistemə uyğunlaşdırılıb. Bir digər fərq hər dərman qutusunun gulaqcığında “karekod” dediyimiz barkod sisteminin mövcudluğudur. Bu barkod ilə hansı dərmanın nə vaxt və hansı aptekdən alındığını təyin etmək olur.
Ümumiyətlə, Türkiyədə əczaçılıq aşağıda qöstərdiyim sistem ilə işlədilir: Türk Əczaçılar Birliyi Odalar Apteklər”.
Vəfa xanım Azərbaycandakı həmkarlarına bolluca uğurlar arzulamaqla yanaşı, öz tövsiyələrini də
verməyi unutmadı: “Azərbaycandakı əczaçı həmkarlarıma ən böyük tövsiyəm budur ki, məsləkinizi çox sevin və bacardığınız qədər ona sahib çıxın. Çünki, bizim məsləkimiz çox dəyərlidir. Həmişə öz üzərinizdə çalışın, sahəmizdəki yenilikləri, təlimləri izləyin və dünya əczaçıları ilə ayaqlaşın. Aldığınız təlimləri tətbiq etməkdən qaçmayın. Ən önəmlisi isə aptekə müraciət edən xəstələrə gülərüzlə və qayğıyla yanaşın”.

Read Previous

RİSK

Read Next

Avropa Əczaçılar Birliyi: “Ətraf mühitə əczaçılığın təsiri”