Sosial şəbəkələrdə paylaş
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Şuşa ilinə həsr olunmuş “Mənim Qəhrəmanım” inşa müsabiqəsi keçirilib. “Avicenna” Jurnalı müsabiqənin qalibi Şəhid Rufiz Budaqovun qızı Könül Budaqovanın yazısını təqdim edir. Qeyd edək ki, yazı şəhid Rufiz Şirzad oğlu Budaqova həsr edilib.
Həyatda hamının bir qəhrəmanı var – xəyali, ya da gerçək. Mənim qəhrəmanım, vətən üçün
son damla qanı ilə ömrünün son nöqtəsini qoyan tankçı Rufiz Budaqovdur. Atam işinin ustası idi. Sanki tankı yaradan o idi. Tankın dilini yaxşı bilirdi. Hətta b ə z ə n atamı məhz buna görə başqa hərbi hissələrə çağırardılar.
Atam gülərüz, ürəyitəmiz və saf insan idi. O, evə gələndə hər kəsin üzü gülərdi. Uşaqlıq xatirələrindən danışar, etdiyi dəcəlliklərdən bəhs edib bizi güldürərdi. Atamla keçirdiyim vaxt sanki həyatımı daha da rəngləndirirdi. Hərdən söhbət edəndə atam “məni nə qədər çox istəyirsən?”
– deyə soruşardı. Mən qollarımı açıb “səni dünyalar qədər sevirəm, ata” – deyərdim… Kaş, o zaman ona
“dünya da mənim sevgimin yanında çox kiçik qalır, ata!” – deyə biləydim.
Atam başına pis bir şey gələndə heç vaxt biruzə verməz, yəni ən azından bizə bəlli etməzdi. Amma
müharibədən 1 həftə qabaq atam çox durğun və səssiz idi. Sanki olacaqları bilirdi…
Bilirsiniz, son vaxtlar ən çox yadıma düşən nədir?
Axşam atam evə çox vaxt gec gələrdi. Qapı döyüləndə qaçıb gizlənərdim və atam məni tapana qədər ordan çıxmazdım. Atam da heç sıxılmadan məni axtarardı, tapanda da tez qucağına atılardım. Bu artıq
mənim əyləncəli oyunuma çevrilmişdi.
İndi… bəzən gecə çalınmayan qapı ürəyimi incidir, onun yanımda olmaması məni gücsüz hiss elətdirir.
Qəbul edə bilmirəm. Artıq məni sevindirən, ən gözəl oyunumun ən gözəl parçası olan, ağlayarkən sığındığım etibarlı arxam, dayağım – canım atam yoxdur. Bir insanın yaxınını itirməsi çox pis bir hissdir,
amma qəhrəmanını itirməsi daha da acıvericidir. Bəzən, sadəcə, onu düşünürəm. Düşünürəm ki,
atam, bəlkə, sağdır, gələcək. Anam mənə atamın şəhid olduğunu deyəndə də düşünürdüm ki, bəlkə
də, o deyil. Çünki uşaqlıqdan bəri ən böyük qəhrəmanım olan atam yox ola bilməzdi, o bunu bizə rəva
görməzdi… Onun qorxmazlığı məni həmişə heyrətləndirərdi. Sanki, onu heç kim yıxa bilməz, ona heç
kim qalib gələ bilməzdi…
Atamın arzuları çox idi. Ən çox istədiyi isə bizim yaxşı təhsil almağımız idi. Hal-hazırda mən atam
üçün – onun arzularını reallaşdırmaq üçün daha çox çabalayıram. Toplum qarşısında çıxış etmək məni
narahat etsə də, içimdəki qorxunu boğaraq bunu atam üçün etdiyimi yadıma salıram. Sanki atamın
əlini çiynimə qoyub “qorxma, qızım, bacaracaqsan, mən sənin yanındayam!” – deməsini duyuram.
Son olaraq, atama demək istəyirəm ki, mən səni çox sevirəm, ata! Bu dünyaya yenidən gəlsəm, yenə sənin
qızın olmaq istəyərdim, mənim əbədi qəhrəmanım!