MENU

“Gözün torlu qişası qoparsa,görmə tamamilə itə bilər…”

Sosial şəbəkələrdə paylaş

Qonağımız BatıGöz Klinikasının oftalmoloqu və göz xəstəlikləri uzmanı Op. Dr. Mədinə Fərziyevadır.
Doktor “Avicenna” jurnalına gözün torlu qişasının qopmaları haqda müsahibə verib

– Mədinə doktor, gözün torlu qişası deyəndə nə başa düşülür?
– Torlu qişa gözümüzün iç təbəqəsidir. Xalça kimi göz dibinə sərilən sinir hüceyrələrindən və damarlardan ibarət olan bir toxumadır. Çevrədə olan işıq impulsları göz vasitəsilə beyinə çatdırılır və görməmizi təşkil edir. Torlu qişanın müxtəlif xəstəlikləri var. Amma mən bu dəfə torlu qişanın qopmasından danışmaq
istəyirəm. Torlu qişanın alt toxumadan ayrılmasına qopma deyilir. Əgər torlu qişa kökündən qoparsa, bu, korluğa səbəb ola bilər. Qopmalar əsasən 3 qrupa bölünür: yırtılma nəticəsində baş verən, damar
mənşəli patologiyalara bağlı olanlar, iltihabi və ya onkoloji xəstəlik səbəbindən olan qopmalar. Bu zaman, yəni yırtıqlı qopmalarda gözün içindəki şüşəvari cisim yerindən ayrılır və həmin yerdə yırtıq yaranır. Həmin yırtığın altına maye yığılır və torlu qişanı qoparır. Əgər xəstənin gözündə görmə mərkəzi qorunubsa, xəstədə uçuşmalar, kölgələr, dalğalı və ildırım çaxmaları kimi şikayətlər baş verir. Təzyiqin və şəkərin qalxması zamanı isə gözdə qansızmalar baş verir, bəzən bir anda görmə yoxa çıxır. Ona görə də belə xəstələrdə qansızmalar tez-tez görünür. Bu vaxt xəstə təcili müayinə olunmalı, qopma və qansızma varsa, əməliyyat keçirilməlidir.

– Doktor, torlu qişa əməliyyatında hansı prosedurlar aparılır?
– Torlu qişa əməliyyatları oftalmalogiyanın ən mürəkkəb əməliyyatı hesab edilir. Əməliyyatın müddəti xəstənin ağırlıq dərəcəsinə görə təyin olunur – 40 dəqiqədən 2-3 saata qədər ola bilir. Əməliyyat
zamanı gözdaxili şüşəvari cisim xaric edilir, torlu qişa üzərindəki membranlar soyulur, yırtıq varsa, tapılıb
lazerlə işlənilir, diabet xəstəsidirsə, işemik sahələr işlənilir. Bu zaman xəstənin gözünə qaz və silikon yağı
yeridilir. Bu əməliyyatdan sonra xəstələr iki həftə ərzində hər gün 17-18 saat üzüaşağı yatmalı və ya oturmalıdırlar ki, lazer tor qişanı yerində tuta bilsin.


– Əməliyyatdan sonra torlu qişada təkrar qopmalar baş verə bilərmi?
– Əlbəttə ağır travma alarsa, ola bilər. İkincili iltihabi xəstəliyi varsa, təkrar qopma ola bilər. Amma 90 faiz xəstələrdə birinci əməliyyatdan sonra tor qişa yerinə oturur. Bərpa müddəti 1 ay yarımdır. Onu da mütləq qeyd edim ki, vaxtından əvvəl doğulmuş uşaqlarda torlu qişanın qopmasına rast gəlinə bilər. Otuz iki həftədən əvvəl doğulan və çəkisi 1500 qramdan az olan körpələrdə rastlanan bir xəstəlikdir. Ona görə də bütün erkən doğulan körpələr mütləq göz müayinəsindən keçməlidirlər. Bu müayinə doğuşdan 4-6 həftə sonra aparılmalıdır.

Mədinə doktor, bir az da bioqrafiyanız və iş həyatınız haqda danışardınız…
-1986-cı ildə Rusiya Federasiyasının Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olmuşam.
1990-cı illərdə ailəmiz Azərbaycana köçüb. Mən orta məktəbi bitirdikdən sonra Prezident təqaüdçüsü
olaraq Azərbaycan Tibb Universitetinə daxil oldum. Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzində internatura keçdikdən sonra Türkiyə Respublikasında Hacəttəpə Universitetinin tibb fakültəsində uzmanlıq təhsili aldım. Daha sonra Hindistanda torlu qişa xəstəlikləri və cərrahiyyəsi üzrə
ixtisasartırma proqramını keçdim. Müxtəlif ölkələrdə cərrahlıq kurslarına qatıldım. Azərbayanda və Türkiyədə özəl və dövlət qurumlarında çalışdım. 2010-cu ildən göz xəstəlikləri ilə məşğulam. 2016-cı ildən
isə sırf gözün torlu qişa cərrahiyyəsi ilə məşğulam. Bu müddətdə minlərlə əməliyyat həyata keçirmişəm.
2021-ci ildən BatıGöz Azərbaycan Klinikasında fəaliyyət göstərirəm. Apardığımız bütün əməliyyatlar BatıGöz Klinikasında ən son texnologiyalardan istifadə olunaraq icra olunur. Klinikamızda oftalmologiyaya aid bütün yeni növ texnologiyalar mövcuddur. Gözün ön seqmentindən başlayaraq arxa seqmentə
qədər bütün müayinələr, müalicə və əməliyyatlar BatıGözdə yüksək keyfiyyətlə həyata keçirilir.

Read Previous

Dərman istehsalında“Made in Azerbaijan” brendi

Read Next

Yeni mobil telefon proqramı tibb işçilərinə abortla bağlı hərtərəfli qayğı göstərməyə kömək edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir