MENU

Dərman istehsalında“Made in Azerbaijan” brendi

Sosial şəbəkələrdə paylaş

2019-ci ildən fəaliyyət göstərən yerli “Parla Pharmaceuticals” şirkəti Azərbaycanda əhalinin təlabatını ödəmək və ixrac məqsədilə yerli dərman preparatları istehsal edir. Şirkətin istehsal etdiyi 11 növ dərman
vasitəsi artıq satışdadır. “Parla Pharmaceuticals”ın direktoru Araş Nosrati Heravi şirkətin fəaliyyəti, gələcək planları və istehsal olunan dərman preparatları barədə “Avicenna” jurnalına açıqlama verib:
“Parla Pharmaceuticals” əczaçılıq sahəsində ixtisaslaşmış yerli şirkətdir. Əminliklə deyə bilərəm ki, şirkətimiz Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalını həyata keçirəcək ilk elmi əsaslı əczaçılıq şirkətidir. Yaxın gələcəkdə “Parla Pharmaceuticals”ın dərman sektorunda mühüm dünya brendlərindən birinə çevriləcəyinə inanıram”. Şirkət rəhbərinin sözlərinə görə, hal-hazırda yerli əczaçılıq bazarında onların istehsalı olan 11 növ dərman mövcuddur və qısa zamanda şirkətin məhsul portfeli daha da genişlənəcək. Bundan başqa, “Parla Pharmaceuticals” ixrac fəaliyyəti ilə bağlı da danışıqlar aparır. Şirkət yaxın zamanda “Made in Azerbaijan” brendi altında ilk dəfə olaraq dərman vasitələrinin ixracını həyata keçirəcək: “Beləliklə, şirkətimizin fəaliyyəti tam olaraq dərman vasitələrinin hazırlanması üçün elmi-tədqiqat işlərindən, yüksək texnologiyalı dərman vasitələrinin yerli istehsalı və Azərbaycanda satışı ilə bərabər digər xarici ölkələrə ixracından ibarət olacaq. Şirkət həmçinin antibiotik, uroloji, şəkərli diabetin müalicəsində istifadə olunan, göbələk əleyhinə, iltihab əleyhinə, ağrıkəsici preparatların və insan boy hormonunun istehsalını həyata keçirir. Tezliklə insulinlərin, hematologiya, onkologiya və başqa terapevtik sahələrdə də bir sıra digər molekulların istehsalına başlayacağıq. Yaxın üç il ərzində “Parla Pharmaceuticals” 400-dən çox molekulun tam istehsalını həyata keçirəcək”, – deyə A.H.Heravi diqqətə çatdırıb. Onun bildirdiyinə görə, ümumiyyətlə ölkədə “Parla Pharmaceuticals” və ya başqa istehsalçılar tərəfindən dərmanların yerli istehsalı əhali arasında dərman vasitələrinin çatışmazlığı riskini azaldacaq:
“Məsələn, bəzi xarici dərman istehsalçıları pandemiyanın ilk aylarında daxili bazarlarda artan tələb səbəbiylə ixraclarını dayandırdılar. Bu onu göstərir ki, Azərbaycanda daxili bazarda dərman preparatlarının istehsal olunmasına ciddi ehtiyac var. “Parla Pharmaceuticals” olaraq nəinki Azərbaycan daxilində tələbatı qarşılayacağıq, eyni zamanda yerli istehsalı xarici ölkələrə də ixrac edəcəyik. Nəticə etibarilə, ölkədə dərman çatışmazlığını minimuma endirəcəyik və zəruri dərman preparatları hər zaman əlçatan olacaq. Dərman vasitələrinin yerli istehsalı həm əhalinin münasib qiymətə keyfiyyətli dərman məhsullarına təlabatını tam ödəmək, həm də ölkənin əczaçılıq sənayesini gücləndirməyə xidmət edəcək. Dərman
preparatlarının yerli istehsalı təkcə səhiyyədə deyil, ümumiyyətlə, ölkə iqtisadiyyatında müsbət meyilləri
gücləndirəcək”.
A.H.Heravi qeyd edir ki, Cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehrib Əliyeva dəfələrlə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq buna öz dəstəklərini nümayiş etdiriblər. Ölkəmizin neft-qaz sektorundan asılılığının azaldılması və maddi vəsaitin qeyri-neft sektorunun inkişafına yönəldilməsi çox önəmli məsələdir. Aydın görünür ki, Azərbaycan bu istiqamətdə uğurla irəliləyir və lazımi tədbirlər həyata keçirilir.
“Parla Pharmaceuticals” da bu böyük tərəqqinin bir hissəsi olmaq üçün çalışır. İlk gündən şirkətimiz qlobal əczaçılıq biznesində mühüm rol oynamağı qarşısına məqsəd qoyub. Bu məqsədlə biz daha çox
ixrac fəaliyyəti həyata keçirməliyik. Çünki hədəfimiz 2030-cu ilin sonunadək qeyri-neft sektorunda Azərbaycanın ən böyük ixracatçılarından biri olmaqdır. Bu isə öz növbəsində ölkəmiz üçün daha çox iş yerləri, daha çox maliyyə dövriyyəsi və vergi deməkdir.
“Parla Pharmaceuticals” eyni zamanda elmiəsaslı farmakologiya, biologiya, biotexnologiya, mühəndislik sahəsində təhsil və bilik səviyyəsinin artırılmasına da töhfə vermiş olacaq. Bu, Azərbaycana daha çox investisiya cəlb edəcək və Azərbaycan bayrağını bütün dünyada qabaqcıl əczaçılıq istehsalçısı kimi dalğalandıracaq”, – deyə şirkət rəhbəri vurğulayıb.

Read Previous

İraq ictimai sağlamlıq problemi kimi traxomanı aradan qaldırır

Read Next

“Gözün torlu qişası qoparsa,görmə tamamilə itə bilər…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir