MENU

“AZƏRBAYCANDA DƏRMAN ZAVODLARININ AÇILMASINA EHTİYAC VAR” Süleyman Səfərov

Sosial şəbəkələrdə paylaş

📌Süleyman Səfərov 1988-ci ildə oktyabrın 11-də Bakıda anadan olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olub və 2009-cu ildə Universiteti bitirib. Təhsil aldığı illər ərzində müxtəlif aptek şəbəkələrində əczaçı, baş əczaçı, satış meneceri vəzifələrində çalışıb. 2009-cu ildə hərbi xidmətə gedib. Hərbi xidmətini başa vurduqdan sonra dərman şirkətlərində müxtəlif məsul vəzifələrdə çalışıb. Bununla yanaşı, öz aptek müəssisələrini qurub.
📝 “Artıq 17 ilə yaxındır ki, bu sahədəyəm. İş fəaliyyətim ərzində yadda qalan hadisələr çox olub. Elə hallar olub ki, xəstənin təqdim etdiyi reseptdə dərmanların yazılışında səhvlər görmüşəm. Bəzən
diqqətsizlik nəticəsində bu cür səhvlərə yol verilir. Bu zaman həkimin özü ilə əlaqə saxlayırıq, məsələyə aydınlıq gətiririk”, – deyə Süleyman bəy bizimlə söhbətində bildirir.
Əczaçının sözlərinə görə Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsi müvafiq qanunvericilik aktları ilə tənzimlənir: “Dərman vasitələri haqqında qanunda hər bir nüans öz əksini tapıb.
Həkim resepti olmadan da bəzi dərman vasitələrinin satışına icazə var. Müəyyən dərman vasitələri var ki, onları qətiyyən reseptsiz satmaq olmaz. Bu cür hallara çox ciddi yanaşılır. Ümumiyyətlə isə, dərman vasitələrinin standartlaşdırılması və keyfiyyətinə nəzarət, əczaçılıq sənaye məhsulları və istehsalın sertifikatlaşdırılması, yeni dərman maddələrinin sintezi əczaçılığın qarşısında duran problemlərdəndir. S.Səfərov bizimlə söhbətində COVID-19 pandemiyasının dərman satışına təsirsiz ötüşmədiyini də bildirdi. Onun söylədiyinə görə, aparılan tədqiqatlar, statistik hesablamalar göstərir ki, COVID-19 pandemiyasının insanlar üzərində yaratdığı böhran, sonuncu dəfə 1980-ci illərin ortalarında müşahidə olunan məhrumiyyət səviyyələrinə bərabər olub.
🩺“Əlbəttə ki, bu böhrandan inkişaf etmiş ölkələr də, inkişaf etməkdə olan ölkələr də öz nəsibini aldı və almaqdadır. Pandemiya zamanı, ölkəmizdə dərman təminatını tam şəkildə həyata keçirə bilmək üçün müəyyən addımlar atıldı. Əhalinin sağlamlığının təmin olunması və yaranmış panik vəziyyətin idarə oluna bilməsi üçün tibb sektorunda olan hər kəs, o cümlədən əczaçılar səfərbər oldu. Antiviral preparatlara, antitrombositar dərmanlara (antiaqreqantlar), vitamin C, iltihab əleyhinə dərman vasitələrinə, 🩺antiseptik və dezinfeksiyaedicilərə tələbat daha çox artdı. Müxtəlif dərman vasitələrinin, virus əleyhinə preparatların, bioloji fəallığa malik qida əlavələrinin, o cümlədən antiseptik vasitələrin idxalı gücləndirildi.
Müxtəlif növ maskaların həm idxalı, həm ölkə ərazisində istehsalı artdı. Əlbəttə ki, həm dünya səviyyəsində aparılan qlobal işlər, peyvəndlərin istehsalı, həm ölkəmizdə atılan addımlar COVID-19 pandemiyasının qızğın dövrünü ən az və optimal sayda itki ilə başa vurmağımıza şərait yaratdı. Ümid edirik ki, bir daha belə
pandemiya ilə üzləşmərik”.
🧬 Peşəkar əczaçı sonda onu da qeyd etdi ki, ölkədə dərman istehsalı ilə məşğul olan yeni fabrik və zavodların açılmasını çox istəyir. “Bir əczaçı olaraq mən əhalinin dərman vasitələrinə olan tələbatının müəyyən hissəsinin yerli istehsal dərman vasitələri
hesabına ödənməsini arzu edirəm”, – deyə S.Səfərov “Avisenna” jurnalının əməkdaşı ilə söhbətinə belə✍️
yekun vurdu.

Read Previous

İlqar Əhmədov: “TƏCRÜBƏ TOPLAMAQ BİZDƏN SƏBR VƏ DÜŞÜNCƏ TƏLƏB EDİR”

Read Next

“ƏCZAÇILIĞIN KEÇMİŞİ, BU GÜNÜ VƏ GƏLƏCƏYİ”