MENU

“Əczaçılar Klubu” ictimai birliyinin tanıtımı

 “Əczaçılar Klubu” ictimai birliyi bir qrup əczaçı tərəfindən təsis edilib və 2019-cu il aprelin 4-də dövlət qeydiyyatına alınıb.

 Təşkilatın 7 nəfərdən ibarət İdarə Heyəti formalaşıb və İdarə Heyətinin sədri  Şövqi Bünyatovdur.

 Təşkilatın yaradılmasında məqsəd ölkədə əczaçılığın inkişafına dəstək olmaq, dövlət tərəfindən verilən sərəncam və əmrlərin yerinə yetirilməsində vətəndaş cəmiyyəti olaraq öz töhfəsini verməkdir.

 İlk dəfə olaraq 2019-cu ildə sentyabrın 25-də rəsmi şəkildə Azərbaycanda Beynəlxalq Əczaçı gününü də məhz “Əczaçılar Klubu” ictimai birliyi qeyd etdi və bu ənənə şəklini alaraq hər il davam edir. Ölkə əczaçılarının davamlı olaraq Respublika konfranslarının keçirilməsi də “Əczaçılar Klubu” ictimai birliyinin adı ilə bağlıdır.

 Birlik əczaçılıq sektorunun problemləri ilə bağlı Bakı şəhərində bir neçə tədbirə, eləcə də regionlarda – Gəncə və Lənkəran şəhərlərində önəmli tədbirlərə təşkilatçılıq edib. Birlik müxtəlif vebinarlar, dəyirmi masalar, ölkədə fəaliyyət göstərən dərman şirkətləri ilə birgə təlimlərin keçirilməsi, eləcə də tədbirlər və birgə layihələrə imza atıb. Təşkilat üzvləri dəfələrlə dövlət və özəl TV- lərdə çıxış edərək əczaçılığın problemlərini auditoriya qarşısında səsləndiriblər.

“Əczaçılar Klubu” ictimai birliyi həm də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birlikdə bir neçə layihə işləyib. Bunlardan ən önəmlisi qlobal xarakterli bəla olan narkomaniya mövzusudur ki, “Əczaçılar Klubu” ib-nın fəaliyyəti Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərini əhatə etdi.

Ölkədə dərman idxalı və istehsalında olan problemlər və digər məsələlərlə bağlı “Əczaçılar Klubu” ib adı çəkilən müvafiq sahələrin təmsilçilərinin birgə iştirakı  ilə işçi qrupları yaradılıb.

“Əczaçılar Klubu” ib-nın regionlarda 68 koordinator və nümayəndəliyi fəaliyyət göstərir ki, bu da ümumilikdə apteklərdə fəaliyyət göstərən 10 mindən artıq aptek işçisinə əlçatanlığı təmin etmiş olur.

Birlik əczaçılıq sektorunda fəaliyyət göstərən və ümumiyyətlə əlaqəsi olan hər bir özəl və dövlət qurumları ilə əməkdaşlığı özünə borc bilir. Bu baxımdan, Birliyin Səhiyyə Nazirliyi, KOBİA, Analitik Ekspertiza Mərkəzi, İcbari Tibbi Sığorta, TƏBİB, AQTA və s. dövlət qurumları ilə işgüzar əlaqələri vardır.

“Əczaçılar Klubu” ictimai birliyi ölkədə fəaliyyət göstən müvafiq digər QHT- lərlə də əməkdaşlıq edir və onlarla Memorandumlar imzalayır.

Birlik özünün təsis etdiyi jurnalın çapına da start verib və bu, çox önəmli məsələdir. Jurnal vasitəsilə tibb və əczaçılıq sahəsində olan yeniliklər, müxtəlif elmi məqalələr, informasiya və məlumatlar işıqlandırılacaq.

Birliyin missiyası əczaçılığın inkişafını dünya səviyyəsinə çatdırmaq, əczaçıları və əczaçılığı layiq olduğu mövqedə görməkdir.