Sosial şəbəkələrdə paylaş
MÜSİAD Azərbaycan və “Əczaçılar Klubu” ictimai birliyinin birgə fəaliyyəti ilə Dərman Sənayesi üzrə Dəyirmi Masa təşkil edildi.
2024-cü ilin dekabr ayında MÜSİAD Azərbaycan və “Əczaçılar Klubu” ictimai birliyinin birgə təşkilatçılığı ilə dərman sənayesi və yan sənaye məhsullarının istehsalı üzrə əhəmiyyətli bir görüş keçirildi. Dəyirmi masa şəklində təşkil olunan bu görüşdə Azərbaycanın dərman istehsalı və əczaçılıq sektoru ilə əlaqədar bir sıra vacib məsələlər müzakirə olundu.

Görüşdə MÜSİAD Azərbaycan tərəfindən yerli istehsalçılar, “Əczaçılar Klubu” ictimai birliyi tərəfindən isə dərman sənayesi firmaları iştirak etdilər. Azərbaycan bazarının kiçikliyi və rentabelliyi məsələsi gündəmə gəldi və bu sahədə yan sənaye firmalarına xüsusi dəstək göstərilməsinin vacibliyi vurğulandı. Təkliflərdən biri, kiçik və orta bizneslərin inkişafını təşviq etmək üçün “KOB Klasteri” modelinin tətbiqi idi. Bu yanaşma ilə əlaqədar “Əczaçılar Klubu” ictimai birliyi tərəfindən dövlət dəstəyi və təşviqlərin təmin olunması üçün təkliflər hazırlanacağı bildirildi.
Görüşdə həmçinin dərman sənayesi ilə bağlı hansı yan sənaye məhsullarına ehtiyac olduğu və bu ehtiyacların müəyyənləşdirilməsi məsələsi gündəmə gəldi. Bu məqsədlə potensial şirkətlərlə gələcəkdə iclaslar keçiriləcək və müvafiq strateji məhsul sahələrinin inkişafı üçün tədbirlər görüləcəkdir.
Dərman sənayesinin strateji əhəmiyyəti və ölkə üçün vacibliyi xüsusi olaraq qeyd olundu. Dərman sektoru yalnız gəlirli bir sahə kimi deyil, həm də ölkənin sağlamlıq infrastrukturu və əczaçılıq sahəsi üçün əvəzolunmaz bir komponent kimiqiymətləndirilməlidir. Görüşün əsas məqsədi əczaçılıq sektorunun bir arada birləşdirilməsi və müvafiq qurumların əməkdaşlığının təşviq edilməsi idi.
MÜSİAD Azərbaycan və “Əczaçılar Klubu” ictimai birliyi gələcəkdə bu istiqamətdə daha çox əməkdaşlıq edərək dərman sənayesi və yan sənaye məhsullarının istehsalını inkişaf etdirmək və sektorun davamlı inkişafını təmin etmək məqsədini güdür. Bu görüş, həmçinin Azərbaycan bazarının beynəlxalq səviyyədə daha da rəqabətqabiliyyətli olmasına dəstək vermək üçün mühüm bir addım hesab olunur.


