MENU

“İdeal əczaçı necə olmalıdırsa,biz də onu göstərməliyik”

Sosial şəbəkələrdə paylaş

-Jurnalınızın ilk nömrəsi üçün məni seçdiyinizə görə təşəkkür edirəm. “Əczaçılar Klubu” ictimai birliyinin fəaliyyəti ilə də yaxından tanışam, hər zaman dəstəklərini hiss edirəm. Ümumiyyətlə, bu Birlik
Azərbaycanda əczaçılıq sahəsində proqressiv, kreativ, gələcəyə yönəlmiş, gəncləri gələcəyə motivasiya
edən bir qurum kimi seçilir. Azərbaycanda ali əczaçılıq təhsilinin tarixi 1938-ci ildən başlayır. Həmin ildə
Bakıda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilib və İnstitutun rektoru vəzifəsini bacarıqlı təşkilatçı və siyasi dövlət xadimi professor Əziz Məmmədkərim oğlu Əliyev icra edib. 1941-1945-ci illərdə həmin İnstitutun bir çox əməkdaşı II Dünya Müharibəsində iştirak etdiklərinə görə İnstitutun fəaliyyəti
dayanıb. 1942-ci ildə Əczaçılıq İnstitutu ləğv edilmiş, onun bazası və tələbələri Azərbaycan Dövlət Tibb İnstitutunda təşkil edilən əczaçılıq fakültəsinin nəzdinə verilmişdir. 1945-ci ildə fakültənin 220 tələbəsi
olub. 1957-ci ildən əczaçılıq fakültəsinin qiyabi şöbəsi də fəaliyyətə başlayıb, lakin qiyabi tədrisin məqsədəuyğun olmadığı nəzərə alınaraq bu şöbə 1969-cu ildə bağlanıb. Əvvəllər bu fakültədə təhsil 5 illik idi.Sonralar 4 ilə qədər enib. Əczaçılıq təhsili iki pilləlidir – 4 il bakalavr, 2 il magistratura pilləsi. Təhsilimiz
Bolonya prosesinə uyğun aparılır. Fakültəmizdə 7kafedra var. Əczaçılıq fakültəsi müxtəlif illərdə SSRİ-nin bir sıra respublikaları (o cümlədən Türkmənistan, Qazaxıstan, Gürcüstan və Ermənistan) üçün də kadrlar
hazırlayıb. Azərbaycan vətəndaşlarından başqa burada Türkiyə, İran, Suriya, Anqola, Nigeriya, Sudan,
İraq, Əfqanıstan və b. ölkələrin gəncləri də təhsil alıb. Fakültəmizdə lazımi sayda və ali ixtisas səviyyəsində professor-müəllim heyəti var. Tələbə sayının yarısından çoxu əcnəbi tələbələrdir. Azərbaycan Tibb Universitetinin tədris proqramları Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq 2022-ci ildə beynəlxalq akkreditasiyadan keçib. Uzunmüddətli akkreditasiya prosesi Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR) – tərəfindən aparılıb. Əczaçılıq ixtisasının tədris proqramı akkreditasiyadan keçən üç proqramdan biri olub, beynəlxalq sertifikat almış və diplomlarımız bir çox ölkələrdə tanınır. Hazırda 460-a yaxın tələbəmiz var.

Biz bilirik ki, Siz dekan olaraq 2022-ci ildən fəaliyyət göstərirsiniz. Adətən, yeni vəzifəyə gələn insanlar qarşılarına müəyyən məqsədlər qoyurlar. Siz məqsədlərinizə çatmaq üçün hansı addımlar atmağı düşünürsünüz?

Mən əczaçılığı ideal bir peşə olaraq seçmişəm.Oxuduğum zamanlarda da, işlədiyim vaxtlarda da
dərk etdim ki, əczaçılığın inkişafı olmasa, tibb elmi də inkişaf edə bilməz. Bu təyinata gələndə düşünürdüm ki, bu sahədə nə yenilik edəcəyəm? Mən bunu platformamda auditoriya qarşısında da dedim ki,
beynəlxalq əlaqələri genişləndirməyə çalışacağam. İkinci çalışdığım məsələ odur ki, rəhbərliklə tələbələrin yaxınlaşmasını təmin edim. Bizim tələbələrdə çox kreativ ideyalar olur. Onlar öz ideyalarını rəhbərliyə
təqdim edə bilsinlər. Və, təbii ki, ən əsas məqsədimiz fakültə olaraq, tədrisin təşkilinin səviyyəsini qaldırmaq və ixstisasın imicini artırmaqdır.

– Fərəh xanım, Əczaçılıq fakültəsinin beynəlxalq universitetlərlə tələbə mübadiləsi varmı?

– Rəsmi olaraq bir neçə ölkə ilə Memorandum imzalamışıq. Bu yay tələbələri Türkiyənin reytinqli 6-7
Universitetinə – Qazi, Hacettepe, Atatürk, Ege Universitetlərinə Yay İstehsalat Təcrübəsinə göndərdik.
Amma Özbəkistanla, Tacikistanla, Rusiyanın Universitetləri ilə də Memorandum var. Avropa ölkələrindəki universitetlərlə də danışıqlar aparılır. Məsələn,Universitetimizin Almaniyanın Heydelberq Universitetinin cərrahiyyə fakültəsi ilə əməkdaşlığı var. Fransanın nüfuzlu Eks-Marsel Universiteti ilə əməkdaşlıq
əlaqələrimiz var. Hətta bizim doktorantlar da ora tədqiqat işi üçün gedir. Müxtəlif konfrans və beynəlxalq
simpoziumlarda bizim alimlərimiz iştirak edir.

– Fakültəni bitirənlərin işlə təmin olunması məsələsi nə yerdədir?

– Bizim tələbələrimizin işsiz qalmaq ehtimalı çox azdır. 4-cü kursda artıq işləməyən tələbə tapmaq
mümkün olmur. Ya assistent kimi, ya köməkçi kimi də olsa işləyirlər. Əczaçılıq firmaları bizə müraciət
edib tələbələri onlara yönəltməyimizi istəyirlər. Azərbaycan Respublikasının qanunlarına görə, əczaçılıq
ixtisası üzrə ali təhsil almamış şəxslər əczaçı kimi işləyə bilməzlər. Hətta Tibb Universitetinin başqa fakültələrini bitirənlər də əczaçı işləyə bilməz.

– Fərəh xanım, bir az da həyatınızdan danışaq.
Deyəsən, heç vaxt aptekdə əczaçı kimi çalışmamısınız…

– Xeyr. Amma buna həmişə çox təəssüflənirəm.
Bunu öz həyatımda bir boşluq kimi hiss edirəm.1982-ci ildə Liviya Ərəb Respublikasının Benqazi
şəhərində anadan olmuşam. Atam şərqşünas olduğu üçün işlə əlaqədar ora göndərilmişdi. Valideynlərim 4 il orada yaşayıb. Mənim 2 yaşım olanda Azərbaycana döndük. Daha sonra atam təhsilini davam
etdirmək və elmi işini yerinə yetirmək üçün Moskva şəhərinə getdi və mən də ibtidai təhsilimi orada almalı oldum. Daha sonra Bakıda davam etdim. 1999-cu ildə ATU-nun Əczaçılıq fakültəsinə daxil oldum.
İnstitutu fərqlənmə diplomu ilə bitirdim. 2003-cü ildə Əczaçılığın təşkili ixtisası üzrə magistraturaya qəbul oldum. 2005-ci ildə magistraturanı fərqlənmədiplomu ilə bitirdim. 2005-ci ildə isə Əczaçılıq Texnologiyası və İdarəçiliyi kafedrasında aspirant kimi işə götürüldüm. 3 ildən sonra 2008-ci ildə elmi işimi də müvəffəqiyyətlə müdafiə etmişəm. Elə həmin ildə də ailə qurdum. 2005-ci ildən bu universitetdə
işləyirəm. Amma elə o zaman ingilisdilli xarici qruplar açılmışdı və həmin dərsləri aparanlardan biri də mən
idim. 2011-ci ildə fəlsəfə doktoru diplomumu aldım, 2012-ci ildə dosent elmi dərəcəmi aldım. 2020-ci ildə
elmlər doktoru dissertasiyasının adı təsdiqlənmiş və hal-hazırda üzərində işləyirəm. 2022-ci ildən bu fakültəyə dekan təyin edilmişəm. Mənim arzum budur ki, bu ölkədə əczaçılar adi dərman satıcısı kimi görünməsin. Əczaçı elə peşəkar olmalıdır ki, ilk tibbi yardımdan tutmuş, reseptsiz yazılan dərmanlara aid tövsiyələr vermək, həkimin yazdığı səhv reseptə düzəliş etməyə qədər biliklərə malik olsun. İngilis dilində məşhur bir kəlam var: əczaçılar o peşənin sahibidirlər ki, bir səhvlə sizi öldürə bilərlər. Əgər onlar 0.001 dozasının 0.01 yazıldığını görüb düzəltmirlərsə, xəstə hətta dünyasını dəyişə bilər. Həkimin də, əczaçının da səhv etməyə heç bir halda hüququ yoxdur. Amma əczaçının məsuliyyəti daha da artır. Çünki, xəstə ilə dərmanlar arasındakı sonuncu etap əczaçıdır. İdeal əczaçı necə olmalıdırsa, biz də onu göstərməliyik.

Read Previous

“Əczaçılıqda Peşəkarlığa doğru” təcrübə proqramının ilk turu başa çatmışdır

Read Next

İlhamə Anzabi-Əliyeva:“Sənə azadlıq verən İşİ gör”