MENU

“Əczaçılar Klubu” İB olaraq, sosial şəbəkədə paylaşılan dərman qiymətlərinin apteklərdə fərqli olması ilə bağlı məsələyə münasibətimiz

Sosial şəbəkələrdə paylaş

“Əczaçılar Klubu” ictimai birliyi olaraq, sosial şəbəkədə paylaşılan dərman qiymətlərinin apteklərdə fərqli olması ilə bağlı məsələyə münasibətimizi bildirmək istərdik. Xüsusilə “Truksal” dərmanının qiymətindəki fərqlilik məsələsi geniş diqqət çəkmişdir. Vəziyyətə aydınlıq gətirmək və mövcud yanlış anlaşılmaların qarşısını almaq məqsədilə aşağıdakı açıqlamaları sizinlə bölüşməyi vacib bildik.
İlk olaraq, qeyd etmək istərdik ki, “Truksal” dərmanının satış qiyməti üzrə müxtəlif apteklərdə müşahidə olunan fərqlilik, AR Tarif şurasının 18 Mart 2024 tarixində qəbul etdiyi yeni qiymətləndirmə qərarı ilə əlaqədardır. Bu qərara əsasən, sözügedən dərmanın pərakəndə satış qiymətinin yüksək həddi 37 AZN olaraq müəyyən edilmişdir. Bu tarixə qədər qiymət 17.38 AZN olub. Bu dəyişiklikdən əvvəl alınmış dərmanların topdan satış qiyməti onun hələ də köhnə qiymətə satılmasına imkan verir. Ancaq qiymət dəyişikliyindən sonra yeni topdansatış qiymətinə alınan dərmanlar isə təbii olaraq yenilənmiş və artmış qiymətə uyğun olaraq satılır.
Nəticə olaraq aydın olur ki, 17.38 AZN-ə “Truksal” dərmanını təqdim edən aptek, əvvəlki qiymətləndirməyə əsasən öz ehtiyatlarını sərf etməkdədir. Digər aptek isə Tarif Şurasının müəyyən etdiyi yeni topdansatış qiymət ilə (30.38 AZN) aldığı dərmanı 37 AZN-ə təqdim edir.
Bundan əlavə, apteklərin əməliyyat marjaları barəsində də aydınlıq gətirmək istərdik. Yayılmış inancların əksinə olaraq, apteklərin dərman satışlarından əldə etdikləri gəlir marjaları məhduddur və yuxarı həddi Tarif Şurası tərəfindən tənzimlənir. Ümumi xərclərin nəzərə alınması ilə, dərman satışlarından əldə edilən xalis gəlir ortalama olaraq 10-12% arasında dəyişir, bu da bizim sektor üçün optimal gəlir hesab edilir.
Dərman qiymətlərinin artımı gəldikdə, bu, əsasən xammal və logistika xidmətlərinin qiymətlərinin artması kimi amillərdən qaynaqlanır. Son zamanlar bütün dünyada gedən logistika və xammalın bahalaşması buna öz təsirini göstərir. Yerli istehsalın hələ də yetərli olmaması, bizim sektorun xarici təchizatdan olan asılılığını artırır.
“Truksal” preparatı, Danimarkanın məhşur Lundbeck şirkətinin orijinal preparatıdır. Originator şirkətlərin məhsullarının ölkəmizdə defisitinin qarşısını almaq üçün bu cür dərmanların qiymətinin yenidən baxılması labüddür. Bu səbəbdən şirkət tərəfindən ölkəmizə olan idxal qiymətinin artırılması nəticədə öz əksini topdan və pərakəndə satış qiymətlərində tapır.
Sizin qıymətli oxucularınızın məsələyə daha aydın baxış bucağının əldə etməsi üçün bu açıqlamanı paylaşmaq bizim üçün mühüm idi. Məsələlərin həlli yönündə sizinlə əməkdaşlığa daim açıq olduğumuzu bildirir, bu məsələnin aydınlaşdırılmasında dəstəyinizə ümid edirik.
Hörmətlə,
“Əczaçılar Klubu” ictimai birliyinin sədri
Şövqi Bunyatov

Read Previous

Ümümdünya Sağlıq Təşkilatı əsas diaqnostikaların yeni siyahısını dərc edir; hepatit E virus testləri üçün yeni tövsiyələr, şəxsi istifadə qlükometrləri

Read Next

Lənkəran Şəhər | “Regionlarda Əczaçılıq Biznesinin İnkişafı və Elektron Resept Tətbiqinin Maarifləndirilməsi Konfransı”